AZERBAIJAN REPUBLIC
HOME PAGE - ANNOUNCEMENTS - TRAININGS
Print
Arxiv

BDU-da Aİ-nin Nizami layihəsi çərçivəsində onlayn konfrans zalının açılışı olub

02.09.2019

Bakı Dövlət Universitetində (BDU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Nizami layihəsi çərçivəsində istifadəyə verilən doktorantura üzrə onlayn konfrans zalının açılışı münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva tədbiri açaraq universitetdə həyata keçirilən layihələrdən, təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasından bəhs edib. Bakalavr və magistratura təhsilinin Boloniya prosesinə uyğunlaşdırıldığını vurğulayan professor İradə Əliyeva, Avropa Birliyinin Nizami layihəsi çərçivəsində doktorantura təhsilinin də beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Professor İradə Əliyeva, eyni zamanda, Prezident İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edərək, Avropa İttifaqının Nizami layihəsinin bu proqrama töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Anar Kazımov Nizami layihəsinin əhəmiyyətindən, təhsilin doktorantura səviyyəsinin Boloniya təhsil sisteminə keçməsi ilə bağlı həyata keçirilən işlərdən bəhs edib.

BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov isə vurğulayıb ki, onlayn konfrans zalında dünyanın 8 universiteti ilə eyni zamanda konfrans keçirmək, müzakirələr aparmaq mümkündür. Nizami layihəsində Avropa universitetlərindən İsveçin Upsala, Çexiyanın Masaryuk, Almaniyanın Ruprext-Karls, İspaniyanın Barselona universitetləri, Azərbaycandan isə Təhsil Nazirliyinin koordinatorluğu ilə Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir.

 BDU-nun Elm və innovasilayar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə isəbildirib ki, Nizami layihəsi və istifadəyə verilən konfrans zalı respublika təhsilinin beynəlxalq aləmə inteqrasiyasına imkan açır. Gələcəkdə təkcə doktorantlar deyil, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr də bu imkanlardan istifadə edərək dünyanın 8 universiteti ilə əlaqə yarada biləcəklər.

Tədbir qeyd edilən universitetlərlə videobağlantıların qurulması və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsinin aparılması ilə başa çatıb.